Xəzər dənizi: Gəmiyə zərbə ilə bağlı İrandan Ukraynaya etiraz

Şəklin mənbəyi, Getty Images
İran Xəzər dənizində bir dənizçinin ölümü, digərinin yaralanması ilə nəticələnmiş zərbəyə görə Ukraynaya etiraz edib.
Tehran zərbəni "təcavüz aktı" adlandırıb və milli maraqlarını və təhlükəsizliyini müdafiə edəcəyini bildirib.
Prezident Volodimir Zelenski şənbə günü Telegram kanalında yazıb ki, "Xəzər dənizinin sularında uzunmənzilli zərbələrin çox yaxşı nəticələri var. Xüsusilə, bunlar İranla əlaqəli hərbi yüklərin daşınmasında iştirak edən gəmilər və bir hərbi gəmidir."
İyulun 26-da Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağrılıb və ona "Ukrayna qüvvələrinin Xəzər dənizində İran ticarət gəmisinə hərbi hücumu nəticəsində azı bir dənizçinin ölümü və azı bir nəfərin yaralanması ilə nəticələnmiş hadisəyə görə sərt etiraz" bildirilib, İRNA yazıb.
İran xarici işlər nazirinin köməkçisi və Avrasiya üzrə baş direktor Manuçehr Muradi "hücumun BMT Nizamnaməsinin fundamental prinsiplərini pozduğunu, təcavüz aktına bərabər olduğunu və bütün sahilyanı dövlətlərin təhlükəsizliyinə açıq təhdid yaratdığını" bildirib.
Muradi onu da deyib ki, Ukrayna hökumətinin hadisəyə görə məsuliyyət daşımalı və məsul şəxsləri cəzalandırılmalıdır.
İran "vətəndaşlarının həyatına və əmlakına edilən hücumları cavabsız qoymayacaq", Muradi bildirib.
İran Xarici İşlər Nazirliyi hadisənin Ukraynanın İrana qarşı davam edən "məntiqsiz və düşmən yanaşmasını" əks etdirdiyini bildirib.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Şənbə günü Xəzər dənizində uzunmənzilli zərbələrdən danışan Prezident Zelenski həmçinin deyib ki, Ukrayna kəşfiyyatında Rusiyanın İrana məlumat ötürməsilə bağlı məlumatlar var.
O bu məlumatların Ukraynanın tərəfdaşları ilə paylaşılacağını qeyd edib.
"İyulun əvvəlindən bəri, Körfəz dövlətləri və orada yerləşən ABŞ hərbi obyektləri üzərində Rusiya peykinin aktiv müşahidəsini qeydə almışıq. Bu görüntülər sonradan İranda peyk görüntüləri ilə ortaya çıxır. Eyni zamanda, həm hücumlardan əvvəl, həm də hücumlara hazırlıq məqsədilə, həm də sonradan dəyən ziyanı qiymətləndirmək üçün Rusiyanın peyk görüntüləri ilə İranın hücumları arasında aydın bir əlaqə var", Prezident Zelenski X-da qeyd edib.
Ukrayna Prezidentinin təbirincə, iyulun 19 və 20-də ikisi Bəhreyndə, biri İordaniyada və biri Küveytdə olmaqla dörd hava bazası Rusiya peyklərinin maraq dairəsində olub.
İranın və Rusiyanın bu məlumatlara reaksiyası hələ bəlli deyil.
İran və Ukrayna arasında münasibətlər Rusiyanın Ukraynaya qarşı müharibəsi dövründə gərgin olaraq qalır.
Rəsmi Kiyev Rusiyanın Ukraynadakı müharibədə İran istehsalı Şahid dronlarından istifadəsindən narazıdır.

























