"Günahları nə idi?" - BBC İranda hücumda 120 uşağın həlak olduğu məktəbə gedib

- Müəllif, Nawal Al-Maghafi
- Vəzifə, BBC News
- Məkan, Minab
- Çap edildi
- Oxuma vaxtı: 8 dəq
XƏBƏRDARLIQ: Bu xəbər uşaqların ölümü ilə bağlı kədərləndirici və sarsıdıcı təfərrüatları ehtiva edir.
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Amaineh Nademi keçmiş məktəbindən geriyə qalanların arasında ehtiyatla gəzir. Sınmış beton parçaları zərər görmüş üst mərtəbədən düşəcəkmiş kimi aşağı sallanır. Bir neçə sinif otağı hələ də ayaqdadır; parlaq rəngli divarları boyanmış şarlar və çiçəklərlə bəzədilib.
33 yaşlı müəllimə əvvəllər nəyin harada olduğunu dəqiq bilir: Qız şagirdlərin sinifləri üst mərtəbədə, oğlan şagirdlərinki isə aşağı mərtəbədə idi.
Direktorun otağı və məscid də burada yerləşirdi.
O, İranın cənubundakı kiçik Minab şəhərində yerləşən "Şəcərə-i Təyyibə" ibtidai məktəbində birinci sinif qız şagirdlərinə dərs deyirdi.

28 fevralda, ABŞ və İsrailin İrana qarşı hücumlarının başladığı ilk saatlarda məktəbin vurulması adi bir şənbə səhərini müharibənin ən böyük faciələrindən birinə çevirdi. Bu, eyni zamanda müharibə boyunca bir dəfəyə ən çox mülki şəxsin həyatını itirdiyi hücum oldu.
Minab prokurorluğunun məlumatına görə, hücumda aralarında 120 uşaq ilə hamilə bir qadın və onun doğulmamış körpəsinin də olduğu 156 nəfər həlak olub.
Ekspertlər sübutların məktəbi ABŞ qüvvələrinin vurduğuna işarə etdiyini bildirirlər. Məktəb, peyk görüntülərinə görə, bir neçə dəfə vurulan İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid bir kompleksin düz yanında yerləşir.
ABŞ hücumun məsuliyyətini üzərinə götürmədi.
Lakin Amerika mətbuatında dərc olunan xəbərlərdə hərbi təhqiqatı aparan rəsmilərin hücumun böyük ehtimalla ABŞ qüvvələri tərəfindən təsadüfən həyata keçirildiyi qənaətinə gəldiyi qeyd edildi.

Burada yaşananların acısı hələ də çox təzədir.
Müəllimlər hər gün məktəbin olduğu yerdə dua etdiklərini bildirirlər.
Xilasedici qruplar da həyatını itirənlərin qalıqlarını axtarmağa davam edir.
Üst mərtəbənin böyük hissəsi aşağı mərtəbənin üzərinə çöküb. Amaineh bura artıq məktəb deməyin mümkün olmadığını söyləyir:
"Burası yalnız ölümün, kədərin və burada tökülən qanın qoxusunu daşıyan divarlardan ibarətdir".
İranlı rəsmilər məktəbi ziyarət etməyimizi xüsusilə istədilər.
Onların fikrincə, burası Vaşinqtonun İranın hərbi və təhlükəsizlik strukturunu hədəf alan bir əməliyyat kimi təqdim etdiyi hərəkatın reallıqda mülki şəxslərə necə dağıdıcı bir hesab ödətdiyinin sübutudur.
"Hamımız havaya sovrulduq"
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Amaineh məktəb gününün həmişəki kimi başladığını danışır.
Ramazan ayı olduğu üçün uşaqların Quran oxumaq üçün məsciddə toplaşdığını, ardından şagirdlərinə fars əlifbasının yeni bir hərfini öyrətməyə başladığını xatırlayır.
Ancaq müharibənin ilk hücumları İranın müxtəlif bölgələrində yaşanarkən məktəb direktoru məktəbin bağlanacağını elan edib.
Müəllimlər də valideynlərlə əlaqə saxlayaraq uşaqlarını aparmalarını xahiş etməyə başlayıblar.
Amaineh məktəbin yaxınlığında ilk partlayış səsini eşidəndə birinci sinifdəki 15 şagirdindən yalnız beşinin üst mərtəbədəki sinifdə qaldığını bildirir. O zaman dəhlizdə olduğunu və uşaqları götürmək üçün sinfə qaçdığını danışır:
"Tam çölə çıxmaq üzrə ikən bir raket məktəbə dəydi. Mənim və şagirdlərimin başına nəsə dəydi; hamımız havaya sovrulduq".
Ardından sinfi yoğun qara tüstü bürüyüb:
"Qollarımda tutduğum şagirdləri belə görə bilmirdim. Nəfəs ala bilmirdik".
Amaineh başqa bir partlayış da eşitdiyini; qışqırıqları, uşaqların ağlamalarını və ardından məktəbin "bir anda tamamilə uçulub-dağılmasını" xatırladığını deyir.
"Məndən və şagirdlərdən qan axırdı" - deyə o əlavə edir.

Tüstü qısa müddətlik çəkildikdə yaralı uşaqları aşağıdakı insanlara uzatdığını, ardından atəşin və dağıntıların arasından keçərək məktəbin qapısına tərəf irəlilədiyini danışır.
Orada böyük bir valideyn izdihamı ilə qarşılaşıb.
Çoxu ayaqqabılarını geyinməyə belə macal tapmadan məktəbə tərəf qaçıb.
Şok və çaşqınlıq içində binadakı hər kəsin artıq çölə çıxdığını düşündüyü üçün valideynlərin niyə məktəbə tərəf qaçdıqlarını başa düşə bilmədiyini deyir:
"Hamısının dağıntılar altında qaldığını bilmirdim".
Amaineh altı ildir bu məktəbdə birinci siniflərə dərs deyirdi.
O gün həyatını itirən şagirdlərinin və həmkarlarının adlarını bir-bir çəkir: Anası ilə birlikdə pilləkənlərdə öldüyünü bildirdiyi birinci sinif şagirdi Adrina, ikinci sinifdə oxuyan Fatemeh və aralarında əlifbanı öyrətdiyi altıncı sinif şagirdlərinin də olduğu daha bir çox uşaq…
Məktəb direktoru, direktor müavini, bədən tərbiyəsi müəllimi və Quran müəllimi də həyatını itirənlər arasında idi.
'Oğlumu tapın'
Hücumdan bir neçə dəqiqə sonra təcili yardım qrupları hadisə yerinə gəlməyə başlayıb.
İranın Qızıl Aypara Cəmiyyətində çalışan Reza Bəşarəti hadisə yerinə çatan ilk xilasedicilər arasında olduğunu deyir.
Uşaqlarını tapmaq üçün çarəsizliklə məktəbə qaçan ailələrə görə ətrafdakı yolların nəqliyyat vasitələri ilə dolduğunu danışır.
Minab kiçik bir şəhərdir.
Reza izdihamın arasından keçib dağıntılara çatanda tanıdığı insanları, hətta öz qohumlarından bəzilərini gördüyünü bildirir:
"Bəlkə sağ qalan biri olar deyə insanları axtarmağa başladıq. Amma təəssüf ki, heç kim sağ deyildi".

Reza həyatını itirənlərin cəsədlərinin dəhşətli dərəcədə parçalandığını danışır:
"Bəzən yalnız bir əl, bəzən yalnız bir qıç tapırdıq… Heç kimin bədəni bütöv deyildi".
Bir çox ailənin uşaqlarını ayaqqabılarından və ya geyimlərindən tanıdığını da əlavə edir.
Rezanın qohumlarından biri axtarış zamanı "Nə olar, uşağımı, oğlumu tapın" deyə yalvarırmış:
"Ona oğlunun sağ olmadığını deyə bilmədim. Hamımız yalnız ağlayırdıq".
Reza çökmüş binada axtarış apararkən gördüyü mənzərələri zehnindən silə bilmədiyini söyləyir:
"Bir neçə gün yata bilmədim. Gözlərimi yumanda burada gördüklərim ağlıma gəlir".
Hücum araşdırılır
Hücumun təfərrüatları üzə çıxmağa başlayanda ABŞ Prezidenti Donald Trump hər hansı bir sübut təqdim etmədən əvvəl İranı günahlandırdı.
ABŞ Müdafiə Naziri Pit Heqset ordunun hadisəni araşdırdığını və ABŞ qüvvələrinin "heç vaxt mülki hədəfləri nişan almadığını" bildirdi.
Daha sonra ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) kənar bir zabitin rəhbərlik edəcəyi daha üst səviyyəli bir təhqiqatın başladıldığını açıqladı.
Trump administrasiyası təhqiqatın nəticələrini hələ də ictimaiyyətlə paylaşmayıb.
Bir çox Amerika media qurumu ABŞ ordusunun təhqiqatı haqqında məlumatı olan mənbələrə istinadən verdiyi xəbərlərdə yazırdı ki, məktəbin hərbi obyektin bir hissəsi kimi qiymətləndirilməsinə ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin təmin etdiyi köhnəlmiş məlumatları səbəb ola bilərdi.

Ekspertlərin apardığı videoanalizlər məktəbin yanındakı İnqilab Keşikçiləri kompleksinin yüksək dəqiqliyi olan "Tomahawk" qanadlı raketlə vurulduğunu göstərir.
Bu, nə İsrailin, nə də İranın malik olduğu bilinən qanadlı raket növüdür.
Peyk görüntüləri məktəbin və kompleksdəki bir neçə binanın vurulduğunu göstərdiyi halda, təsdiqlənmiş videolar da ərazinin ard-arda təşkil edilən hücumlarla hədəf alındığını ortaya qoyub.
ABŞ ordusunun xəritələri də o zaman Minab daxil olmaqla, İranın cənubunda Amerika əməliyyatlarının aparıldığını təsdiqləyir.
Keçmiş illərə aid peyk görüntüləri məktəbin yerləşdiyi ərazinin əvvəllər İnqilab Keşikçiləri kompleksinin bir hissəsi olduğunu göstərir.
Lakin ərazi 2016-cı ildən bəri divarlarla kompleksdən ayrılıb və özünə aid girişləri, eləcə də həyətləri var.
Ayrıca, buranın məktəb olduğunu göstərən məlumatlar internetdə ictimaiyyətə açıq idi.
Məktəbin qız və oğlan bölmələrinə aid internet saytlarının hücumdan əvvəlki aylarda arxivləşdirilmiş görüntülərində məktəbin ünvanı da yer alırdı.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri may ayında Konqres komitəsinə verdiyi açıqlamada təfərrüatlara varmadan məktəbin "İnqilab Keşikçilərinə aid fəal qanadlı raket bazasında" yerləşməsi səbəbindən təhqiqatın "mürəkkəb" olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyi isə bu iddianı "əsassız uydurma" adlandırıb.
İnqilab Keşikçiləri genişmiqyaslı hərbi, təhlükəsizlik və iqtisadi fəaliyyətləri ilə yanaşı, bəzi icma və səhiyyə obyektlərini də idarə edir.
Bölgə sakinləri BBC Farsca xidmətinə bu ərazinin əvvəllər İnqilab Keşikçilərinə bağlı dəniz briqadasının bazası kimi istifadə edildiyini, lakin hərbi istifadəsinin bir neçə il əvvəl başa çatdığına inandıqlarını deyiblər.
Fotolar kompleksdəki binalar arasında bir klinikanın və avtoyuma məntəqəsinin də olduğunu göstərir.
BBC rəy almaq üçün ABŞ Müdafiə Nazirliyi və ABŞ ordusu ilə əlaqə saxladı.
Rəsmilər təhqiqatın davam etdiyini və paylaşılacaq yeni bir yeniliyin olmadığını bildiriblər.
"Corablarından tanındı"
Uçulub-dağılmış məktəbdən qısa bir avtomobil məsafəsində şagirdlərin və müəllimlərin çoхunun dəfn olunduğu qəbiristanlıq yerləşir.
Ailələr hər axşam məzarların başında toplanır.
Analar uşaqlarının şəkillərinin üzərindəki tozu silirlər.
Valideynlər hava qaraldıqdan sonra da uzun müddət məzarların başında oturub dua edirlər.
Ətraflarında uşaqlar həyatları yarıda qalmış bacı və qardaşlarının məzar daşları arasında oynayırlar.

Masoumeh Mehran Şeyxhabadi doqquz yaşlı qızı Setayeşin məzarını hər gün ziyarət edir və çox vaxt gecənin irəliləyən saatlarına qədər burada qalır.
Hücumdan sonra məktəbə qaçan valideynlərdən biri də o idi.
Səsi titrəyərək danışır:
"Ortada məktəb yox idi. Yalnız tüstü, uşaqların saçları, bir tərəfdə bir əl, digər tərəfdə bir ayaq var idi. Parçalara ayrılmışdılar".
Masoumeh sözlərinə belə davam edir:
"Yalnız Setayeşə deyil, bütün uşaqlara səslənib durdum: "Uşaqlar, haradasınız?"
Masoumeh Setayeşin ölüm xəbərinin ailesinə yalnız ertəsi səhərin ilk saatlarında təsdiqləndiyini bildirir.
Ona dəfələrlə qızının hansı rəngdə corab geyindiyinin soruşulduğunu, krem rəngi olduğu cavabını verdiyini xatırlayır.
Setayeşin şəxsiyyəti corablarından müəyyən edilib.
Anasının danışdığına görə, doqquz yaşlı Setayeş müəllimə olmaq istəyirdi:
"Oyuncaq gəlinclərini divana düzər və "Mən sizin müəllimənizəm. Artıq ibtidai məktəbdəyəm, buna görə də müəlliməyəm" deyərdi".
Buradakı bir çox valideyn kimi, Masoumehin də yaşadığı kədər qəzəbə qarışıb.
"Bu uşaqların qanı yerdə qalmasın deyə Trump yox olub getsin", - o deyir.

"Məktəbə öyrənməyə getmişdilər"
İran hökuməti çıxışlarda, beynəlxalq platformalarda və dövlət mediasının yayımlarında Minabdan dəfələrlə bəhs etdi.
Hətta danışıqlar aparan heyəti daşıyan təyyarəyə rəsmilərin daha əvvəl açıqladığı itki sayına istinadən "Minab-168" adı verildi.
Hücum İslam Respublikası rəhbərliyinə Vaşinqtonun hərbi əməliyyatlarını təqdimetmə formasına qarşı güclü bir ritorika qazandırır.

Müharibə iranlıları iki yerə böldü.
Hökumətin müxalifləri həbs etmə keçmişinə və ard-arda yaşanan etiraz dalğalarında ölümcül gücdən istifadə etməsinə qəzəbli olan bəzi şəxslər hava zərbələri başlayanda bunu bayram edirdilər.
Xaricdən ediləcək hərbi təzyiqin sonda hakimiyyəti zəiflədəcəyinə, hətta devirəcəyinə ümid edirdilər.
Hökumət əleyhdarlarından bəziləri BBC-yə Minabdakı hücumu böyük bir zərbə kimi gördüklərini bildirdilər.
Hücum yalnız müəyyən hədəfləri dəqiqliklə vuran, mülki şəxslərin zərər görmədiyi bir müharibə ideyasının müdafiə olunmasını qeyri-mümkün etdi.
Eyni zamanda rəsmilərə özlərini xarici hücumlara qarşı İran xalqının müdafiəçiləri kimi təqdim etmək imkanı verdi.
Amaineh Minabdakı qəbiristanlığı ziyarət edərək keçmiş şagirdlərinin məzarları arasında gəzir.
Yaxınlıqdakı xatirə divarında o şənbə səhəri evlərindən çıxıb bir daha qayıda bilməyən uşaqların, məktəb işçilərinin və valideynlərin şəkilləri yer alır.
Setayeşin anası hələ də kiçik qızının məzarının başında oturub.
"Bu uşaqların günahı nə idi? Silah gəzdirirdilər? Yanlarında bir qələm, bir kitab, bir dəftər və bir məktəb çantası var idi. Silahları yox idi… Məktəbə öyrənməyə getmişdilər".
Jasmin Dyer bu yazının hazırlanmasına töhfə verib.
Nawal Al-Maghafi İrandan BBC Farsca Xidməti tərəfindən istifadə olunmaması şərti ilə reportajlar hazırlayıb.
Bu məhdudiyyətlər İranda fəaliyyət göstərən bütün beynəlxalq media təşkilatlarına şamil olunur.























